• TƏDBİRLƏR
  • 13 MAY 2022-Cİ İL TARİXİNDƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİN KONFRANSI KEÇİRİLİB.
13 MAY 2022-Cİ İL TARİXİNDƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİN KONFRANSI KEÇİRİLİB.
13.05.2022 - 13.05.2022

13 MAY 2022-Cİ İL TARİXİNDƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİN KONFRANSI KEÇİRİLİB.

Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətlərinin ənənəvi konfransları hər il olduğu kimi bu ildə keçirilmişdir. 13.05.2022-ci il tarixdə Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutub.

Bu il keçirilən konfransın təşkilatçı sponsoru “Zeytun Pharmaceuticals” MMC şirkəti olmuşdur.

Konfrans əvvəlcə Vətən müharibəsi şəhidlərinin və pandemiya dövründə həyatlarını itirən həkimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra konfrans dövlət himnimizin sədaları altında öz işinə başlayıb.

“Qaliblərin qalibini seçirik!” devizi ilə keçirilən konfransı açan Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Nərgiz Məmmədova uzun sürən pandemiyadan sonra canlı görüşlərin hər kəsdə məmnunluq hissi yaratdığını söyləyib. O, pandemiya dövründə yaxşı hadisələrin də baş verdiyini, qələbə sevinci yaşadığımızı və illərlə həsrətində olduğumuz Qarabağa qovuşduğumuzu xatırladıb. Ona görə də bayram ovqatında keçirilən konfransın ərsəyə gəlməsinə öz dəstəyini əsirgəməyən universitet rəhbərliyinə və “Zeytun” şirkətlər qrupuna təşəkkürünü bildirib.

Əczaçılığın səviyyəsini yüksəklərə qaldırmaq üçün gələcək əczaçıların qarşısında duran vəzifələrdən söhbət açan N.Məmmədova konfransda məruzələrlə çıxış edən gənc tədqiqatçılara uğurlar arzulayıb.

ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov istedadlı və ixtisaslaşmış kadrların yetişdirilməsində ali təhsil ocaqlarının rolundan danışıb. Universitetimizdə bu məsələyə xüsusi əhəmiyyət verildiyini və bu baxımdan fakültə tələbə elmi cəmiyyətlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Həm qalib tələbələrin, həm də qalib elmi rəhbərlərin akademik təqaüdlə mükafatlandırılmasını təklif edən M.Həsənov, bunun həm də digər tələbələr üçün təşviqat rolunu oynayacağını diqqətə çatdırıb.

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli TEC-in fəaliyyətinə cəlb olunan və maraq göstərən tələbələrin sonradan böyük uğurlara imza atdıqlarını, cəmiyyətdə həmişə fəallıqları ilə seçildiklərini bildirib. Stabil, inkişaf gedən ölkədə yaşamağın böyük xoşbəxtlik olduğunu deyən dekan, bu baxımdan Azərbaycan gənclərinin çox şanslı olduqlarını vurğulayıb. Qeyd edib ki, hərbi cəbhədə qalibiyyət qazanan ölkənin elm cəbhəsində də qalib olması zəruridir. Bu gün elm okeanına baş vuran tələbələrin ölkə daxilində və beynəlxalq arenalarda xalqımızı layiqincə təmsil edəcəklərinə inandığını söyləyib.

Bundan sonra Əczaçılıq fakültəsinin konfransa qatılan 2-4- cü kurs tələbələri tərəfindən hazırlanan elmi-tədqiqat işləri nümayiş olunmuşdur. Hər tələbə özü işi ilə bağlı beş dəqiqə ərzində çıxış etmişdir.Tələbələr müxtəlif mövzularda maraqlı çıxışlar etmiş, çıxışlardan sonra isə müxtəlif nominasiyalarla mükafatlandırılmışlar.

Elmi-texniki tərəqqini,biologiya və əczaçılıq sahəsində yeni dərmanların və tibbi ləvəzimatların istehsalı və tətbiqi dərin biliyə malik olan məzunları tələb edir və tələbələrin elmi-tədqiqat işləri ilə məşğul olmaları ölkəmizdə tibbin təkanı üçün amildir.

Bu gün ölkəmizdə mütəxəssilərin bu istiqamətdə yetişdirilməsi üçün əsas təhsil müəsslərindən biri – Azərbaycan Dövlət Tibb Universitetidir.

Bu səbəbdən təşkil olunan konfransı yüksək qiymətləndiririk və Tələbə Elmi Cəmiyyətinin gələcək fəaliyyətində uğurlar arzu edirik.

 

Növbəti tətbir