“Əczaçılığın müasir
problemləri” mövzusunda keçirilən VI Beynəlxalq Əczaçılıq Konqresi çərçivəsində
Özbəkistanın aparıcı elmi və tədris qurumlarının nümayəndə heyəti “Zeytun
Pharmaceuticals” şirkətinin rəhbərliyi ilə ardıcıl görüşlər keçirmişdir.
Konqresdə Gümüş sponsor qismində iştirak edən şirkətimiz beynəlxalq tərəfdaşlıq
əlaqələrinin genişləndirilməsi, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi,
eləcə də regional əməkdaşlıq imkanlarının inkişaf etdirilməsini strateji məqsəd
kimi qarşıya qoymuşdur.
İlk görüşdə “Zeytun Pharmaceuticals” şirkətinin Baş Direktoru Bəhruz Şirəliyev və Azərbaycan Tibb Universitetinin Əczaçılıq Texnologiyası və İdarəetmə kafedrasının müdiri, professor Məhbubə Vəliyeva, Özbəkistan Respublikası Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik S. Yunusov adına Bitki mənşəli Maddələrin Kimyası İnstitutunun direktoru Şamansur Şaxsaidoviç Saqdullayev ilə görüş keçirmişdir. Daha sonra Daşkənd Əczaçılıq İnstitutunun Dərman Formalarının Texnologiyası kafedrasının müdiri, əczaçılıq elmləri doktoru və professor Karieva Ekut Saidkarimovna, Özbəkistan Respublikası “Əczaçılıq məhsullarının təhlükəsizliyi mərkəzi”nin farmakovijilans komitəsinin sədri, əczaçılıq elmləri doktoru Nuridullaeva Kamola Negmatilloevna, eləcə də Daşkənd Əczaçılıq İnstitutunun təcrübə üzrə prorektoru, DSc Maksudova Firuza şirkətimizin rəhbərliyi ilə görüşlər keçirmişlər.
Görüşlər zamanı tərəflər gənc
mütəxəssislər üçün təcrübə və staj imkanlarının genişləndirilməsi, dərman
formalarının texnologiyası, bitki mənşəli preparatların kimyəvi tədqiqi,
farmakovijilans və dərman təhlükəsizliyinin gücləndirilməsi üzrə əməkdaşlıq
perspektivlərini ətraflı müzakirə etmişlər. Nümayəndələrə “Zeytun
Pharmaceuticals”ın portfel idarəetməsi, keyfiyyətə nəzarət mexanizmləri, ölkə
üzrə satış infrastrukturu və distribusiya modeli barədə məlumat verilmiş,
potensial biznes tərəfdaşlığı istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır.
Nəticədə hər iki tərəf
yeni brendlərin bazara gətirilməsi və gələcək kommersiya layihələrinin
reallaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlmişdir.
“Zeytun Pharmaceuticals” beynəlxalq tərəfdaşlığın genişləndirilməsi ilə
regionda əczaçılıq sahəsində inkişaf proseslərinə töhfə verməkdə davam edir.